Azərbaycanda vergilər: hüquqi şəxslərin mənfəət vergisi.
Azərbaycanda vergilər: hüquqi şəxslərin mənfəət vergisi.
1. vergi ödəyicisi - bu verginin ödəyiciləri – Azərbaycan Respublikasında rezident və qeyri-rezident müəssisələr, həmçinin sahibkarlıq fəaliyyətindən gəlir əldə edən qeyri-kommersiya təşkilatlarıdır. Yəni, Azərbaycanda fəaliyyət göstərən şirkətlər (MMC, ASC və s.), qeyri-kommersiya təşkilatları (QHT-lər, fondlar, ictimai birliklər və s. (sahibkarlıq fəaliyyətindən gəlir əldə edilən hissədə)), habelə burada daimi nümayəndəlik vasitəsilə fəaliyyət göstərən xarici şirkətlər mənfəət vergisi ödəyicisidir.
2. vergitutma obyekti - müəssisənin mənfəətidir. Mənfəət dedikdə, müəssisənin bütün gəlirləri ilə həmin gəlirlərin əldə edilməsi üçün çəkilmiş və Vergi Məcəlləsinə uyğun olaraq gəlirdən çıxılmasına icazə verilən xərclər arasındakı fərq başa düşülür. Rezident müəssisələr üçün vergitutma obyekti həm Azərbaycan daxilində, həm də xaricdə əldə edilən gəlirləri əhatə edir (dividend, faiz, royalti və s. daxil olmaqla). Qeyri-rezident müəssisələr isə Azərbaycanda daimi nümayəndəlik vasitəsilə əldə etdikləri mənfəət üzrə vergi ödəyirlər. Daimi nümayəndəliklə bağlı olmayan bəzi gəlirlər isə ödəmə mənbəyində vergiyə cəlb olunur. Yəni, bu o deməkdir ki, şirkət mənfəət vergisini bütün dövriyyəsindən deyil, xərclər çıxıldıqdan sonra qalan “xalis mənfəət”dən ödəyir. Məsələn, əgər şirkətin illik gəliri 200 000 AZN, gəlirdən çıxılan xərcləri isə 120 000 AZN-dirsə, onun vergiyə cəlb olunan mənfəəti 80 000 AZN olacaq.
3. vergitutma bazası - vergitutma bazası müəssisənin vergi ili üzrə əldə etdiyi mənfəətdir, yəni ümumi gəlir ilə çıxılan xərclər arasındakı fərqdir. Buraya yalnız Vergi Məcəlləsinə uyğun olaraq çıxılması mümkün olan xərclər daxil edilir. Vergidən azad edilən gəlirlər və həmin gəlirlərlə bağlı xərclər vergitutma bazasına daxil edilmir.
4. vergi dərəcəsi - müəssisələrin mənfəətindən 20 faiz dərəcəsi ilə vergi tutulur. Bu o deməkdir ki, şirkətin vergi tutulan mənfəətinin 20 faizi dövlət büdcəsinə ödənilməlidir.
5. verginin ödənilməsi qaydası və müddəti - il üzrə yekun ödəmə və bəyannaməsinin təqdim edilməsi hesabat ilindən sonrakı ilin mart ayının 31-dən gec olmayaraq, cari vergi ödəmələri isə hər rüb başa çatdıqdan sonra 15 gün ərzində büdcəyə ödənilməlidir.